Valyuta məzənnəsi: $ 1.7 € 1.8758 ₽ 0.0178 ₺ 0.0497
AZ EN RU

Xəbərlər

Salamlama

Veb-saytımıza xoş gəlmişiniz!

Bizim missiyamız: Əməliyyat mükəmməliyyəti və təhlükəsizliyə sadiq qalmaqla dünya səviyyəli boru örtükləmə həlləri təqdim etməkdir. Əsas dəyərlərimizə əsaslanaraq, müştəri gözləntilərini daima aşmağı, müxtəlif xidmətlər vasitəsilə müştəri məmnuniyyətini və tərəfdaşlığı artırmağı hədəfləyirik.

Bizim məramımız: Xəzər regionunda boru izolyasiya sənayesində yeni standartlar müəyyən edən və innovasiyaları stimullaşdıran aparıcı şirkət olmaq. Biz həm daxili, həm də beynəlxalq bazarlar üçün davamlı həllər təqdim etməklə infrastrukturu transformasiya etmək, enerji səmərəliliyini artırmaq və qlobal mükəmməlliyə olan öhdəliyimizi genişləndirmək öhdəliyimizə sadiqik.

”Əsrin Müqaviləsi”-nin imzalanmasından ötən 30 il ərzində Ümummilli Lider Heydər Əliyevin “Yeni Neft strategiyasının” uğurla həyata keçirilməsi nəticəsində, Azərbaycanda yeni yaradılmış müəssisələr arasında “Caspian Pipe Coatings” MMC özünəməxsus yer tutur. Müəssisə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) o dövrdə birinci vitse-prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2002-ci ildə Bakıda yaradılmışdır.

Xüsusən BP/ABƏŞ və SOCAR ilə davam edən uğurlu əməkdaşlıq, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan”, “Kaşaqan”, “Çıraq Neft Layihəsi”, “Şahdəniz-2”, “Cənub Qaz Dəhlizi” kimi regional əhəmiyyətli və “Neft Daşları-Bahar”, “Bahar-Hövsan”, “Ümid” kimi yerli əhəmiyyətli layihələrdə iştirakımız, CPC tərəfindən təqdim edilən xidmətlərin yüksək keyfiyyətindən və etibarlılığından xəbər verir. 

2014-2017-ci illərdə “Şahdəniz - 2” Layihəsi çərçivəsində CPC əsas təsisçisi SOCAR-ın dəstəyi ilə boruların korroziyaya qarşı üç-qat izolyasiyası və betonla örtüklənməsi üzrə xidmətləri uğurla yerinə yetirərək, gəmilər vasitəsi ilə örtüklənmiş boruların təyinatı üzrə yüklənməsi və göndərilməsi işlərini müvəffəqiyyətlə həyata keçirmişdir. 

2018-ci il 6 avqust tarixində SOCAR və "Total" şirkətinin sifarişi ilə “Abşeron” qaz-kondensat yatağının işlənməsi və nəqli Layihəsi çərçivəsində qaz boru xəttinin tikintisi zamanı istifadə olunacaq borulara korroziya əleyhinə 3 LPP texnologiyası tətbiq edilərək CPC-də örtüklənməsi üçün CPC və Saipem/BOS Shelf / Star Gulf  Konsorsiumu arasında ümumi uzunluğu 22,638.35 metr olan boruların 3 qat polipropilenlə örtüklənməsi üzrə iş həcminin icrası haqqında Müqavilə imzalanmışdır. CPC, Layihə çərçivəsində boruların 3 qat polipropilenlə örtüklənməsi və BOS-Şelf LLC ərazisinə daşınması işlərini Layihə tələblərinə uyğun olaraq 2019-cu il iyul ayında  yüksək keyfiyyətlə başa çatdırmışdır. 

2019-ci ildə CPC-də Korroziya Əleyhinə Örtükləmə Zavodunun Çoxqatlı Polipropilen Örtükləmə (MLPP) Texnologiyası ilə təkmilləşdirilməsi Layihəsi çərçivəsində yeni avadanlıqların alınaraq CPC-də quraşdırılması işləri uğurla tamamlanmışdır. CPC Zavodunun MLPP örtükləmə texnologiyası üzrə ixtisaslaşdırılması prosesinin tətbiq edilməsi BOS Shelf / Saipem / Star Gulf Konsorsiumu ilə razılaşdırılmış və bu istiqamətdə işlər 2021-ci il  ərzində həyata keçiriləcəkdir.

2019-cu ilin avqust ayında BP-nin sifarişi əsasında CGLP (Təbii Qazın Qaldırılması) Layihəsi çərçivəsində aparılan məhsuldar danışıqların nəticəsi olaraq boruların qəbulu üzrə iş həcmi uğurla həyata keçirilmiş və Layihənin aktiv fazasına 2019-cu ilin sentyabr ayında start  verilmişdir. Ümumi uzunluğu 13,2 km olan 6" diametrli boruların qəbulu, korroziya əleyhinə 3LPE örtüklənməsi, və yük maşınları vasitəsilə göndərilməsi proseslərinin həyata keçirilməsinə dair Əsas Müqavilə 8 oktyabr 2019-cu il tarixində imzalanmışdır. Layihənin korroziya əleyhinə örtüklənməsi iş həcmi çərçivəsində istehsal prosesi həyata keçirilmiş və örtüklənmiş boruların son partiyası 2020-ci ilin yanvar ayının sonunda yola salınaraq Layihə uğurla başa çatmışdır.

2019-cu il 11 oktyabr tarixində BP-nin sifarişi ilə ACE (Azəri Mərkəzi Şərqi) Layihəsi çərçivəsində ümumi uzunluğu 20,2 km olan 16", 18", 22" və 30" diametrli boruların korroziya əleyhinə 3LPE izolyasiyası və boruların 14.3 km hissəsinin betonla örtüklənməsi iş həcminin  icrası ilə bağlı aparılan danışıqlar uğurla nəticələnərək, ACE Layihəsinin icrasına dair Əsas Müqavilə imzalanmış və istehsal prosesinin aktiv fazasına start verilmişdir. Layihə üzrə boruların korroziya əleyhinə izolyasiya və betonla örtüklənməsi iş həcmi istehsal qrafikinə uyğun olaraq həyata keçirilmişdir. Boruların dənizdə quraşdırılması əməliyyatı təxirə salındığından BP və CPC arasında örtüklənmiş boruların saxlanmasına dair əlavə müqavilə imzalanmışdır. ACE Layihəsi daxilində örtüklənmiş boruların 2021-ci ilin dekabr ayından etibarən yola salınaraq dənizdə quraşdırılması nəzərdə tutulur və bu müddət ərzində CPC imzalanmış müqaviləyə uyğun olaraq boruların saxlanması, yoxlanılması və qorunması üçün tələb olunan lazımi xidmətləri təmin edəcəkdir.

2020-ci il 30 iyun tarixində Ümid-Babək Əməliyyat Şirkətinin (UBOC) sifarişi ilə Ümid-Babək Layihəsi çərçivəsində 59.5  km 20'' diametrli boruların 3LPP və beton örtüklənməsi iş həcmi üzrə aparılan danışıqlar uğurla nəticələnərək, Ümid-Babək Layihəsinin icrasına dair Əsas Müqavilə imzalanmışdır. Layihənin ilkin mərhələsi olaraq boruların qəbulu üzrə iş həcmi uğurla həyata keçirilmiş və Layihənin aktiv fazasına 2020-ci il iyul ayının birinci yarısında start  verilmişdir. Hal-hazırda boruların korroziya əleyhinə izolyasiyası üzrə iş həcmi tamamlanmış və betonla örtüklənmə prosesi Layihə Qrafikinə uyğun olaraq davam etdirilir.
Bu günədək CPC-nin örtüklədiyi ümumi uzunluğu 2650 km-dən çox olan müxtəlif diametrli borular, Xəzər dənizinin dərinliklərindən karbohidrogen ehtiyatlarımızın dünya bazarına nəqlində müstəsna xidmət göstərir.

Azərbaycanın iqtisadi inkişafına yönələn fəaliyyətimizdə hədəfimiz - yüksək keyfiyyət, təhlükəsiz əmək və sosial məsuliyyət olaraq qalır.

Sürətlə inkişaf edən dünyada potensial tərəfdaşlar, müəssisələr, əməkdaş təşkilatlar və KİV nümayəndələri arasında daha geniş informasiya mübadiləsinin aparılması məqsədi ilə yaradılmış www.CPC.az və www.CaspianPipeCoatings.com veb-saytı müəssisənin tarixi, xidmətləri, fəaliyyəti, istehsal gücü, ekoloji təhlükəsizlik, texniki təminat və ən başlıcası kollektivimiz və onun nailiyyətləri barəsində söz açır.

 
Hörmətlə,
“Сaspian Pipe Coatings” MMC-nin Direktoru
Azər N. İSAYEV