Valyuta məzənnəsi: $ 1.7 € 1.8152 ₽ 0.018 ₺ 0.0523
AZ EN RU

Hadisələr

CPC-də tarixi günlər qeyd edildi

06.05.2016

6 may 2016-cı il tarixində Caspian Pipe Coatings (CPC) MMC-də Ümummilli lider Heydər Əliyevin doğum gününün ildönümü və 2-ci dünya müharibəsində faşızm üzərində qələbə gününə həsr edilmiş tədbir keçirilmişdir.

Ənənəvi olaraq tədbir səhər saatlarında CPC ərazisində iməciliyin keçirilməsi ilə başlamışdır. Müəssisə əməkdaşları ərazidə olan ağaclar, yaşıllıq zolaqlarında olan bitkilərə qulluq edərək ümumi ərazidə abadlıq işlərini həyata keçirdilər.

Günün ikinci yarısında Ümummilli lider Heydər Əliyevin doğum gününün ildönümü və 2-ci dünya müharibəsində faşızm üzərində qələbə gününə həsr edilmiş xatirə iclası keçırıldı. İclasda CPC heyəti ilə birlikdə Şah-dəniz 2 layihəsi çərçıvəsində işlərin icrasında tərəfdaş olan ShawCor şirkətinin nümayəndələri də iştirak etdilər. İclasın açılışında CPC-nin direktoru Azər N. İsayev əməkdaşları salamlayaraq Azərbaycan xalqının xatirələrində önəmli yer tutmuş əziz tarixi hadisələr haqqında danışdı.

Daha sonra CPC əməkdaşları tərəfindən hazırlanmış çıxış və video təqdimatlar nümayiş olundu. Çıxışlar zamanı Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlı olduğu, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədar olduğu vurğulanmışdır. Qeyd edilmişdir ki, Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.

Azərbaycanın İkinci dünya müharibəsi dövründə faşizmlə mübarizəsi, igidlik nümunələri, ümumi qələbə üçün cəbhəyə verdiyi töhfəsi haqqında çıxışlar zamanı, Azərbaycanın dünyada igidliyi ilə tanınan qəhrəman oğul və qızlarından, zəhmətkeş insanlarından və eləcədə dövlətin İkinci dünya müharibəsi veteranlarına göstərdiyi qayğıdan danışıldı.
Şah-dəniz 2 layihəsi çərçıvəsində tərəfdaş şirkətlərdə çalışan əcnəbi vətəndaşların Azərbaycanın tarixi və dahi şəxsiyyətləri haqqında məlumatları asanlıqla qavranılması məqsədilə video təqdimatlar CPC əməkdaşları tərəfindən ingilis dilində hazırlanmışdır. İclasın sonunda Ümummilli lider Heydər Əliyev və İkinci dünya müharibəsi qurbanlarının xatirəsi iclas iştirakçıları tərəfindən 1 dəqiqəlik sükutla yad edilmişdir.

İclasından sonra iştirakçılar Caspian Pipe Coatings MMC-nin baş inzibati binasının qarşısında olan yaşıllıq zolaqlarında ağac və güllər əkdilər.