Valyuta məzənnəsi: $ 1.7 € 1.8255 ₽ 0.0174 ₺ 0.0497
AZ EN RU

Müəssisənin tarixi

2002-ci ildən etibarən yüksək keyfiyyət və təhlükəsiz əmək

Ümummilli lider Heydər Əliyevin “Yeni Neft strategiyasının” uğurla həyata keçirilməsi nəticəsində, Azərbaycanda yeni yaradılmış müəssisələr arasında “Caspian Pipe Coatings” MMC regionda özünəməxsus yer tutur. Müəssisə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin o dövrdə birinci vitse-prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2002-ci ildə Bakıda yaradılmışdır. CPC-nin əsas sifarişciləri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və BP/ABƏŞ şirkətləridir. Müəssisə boruların izolyasiyası sahəsində zəngin təcrübəyə və yüksək ixtisaslı kollektivə malikdir. “Caspian Pipe Coatings” MMC-nin əsas təsisçiləri SOCAR və “Azertrans Ltd” MMC şirkətləridir. Müəssisənin Direktoru Azər N. İsayevdir.

Ötən 20 il ərzində CPC uzunluğu 2650 km-dən çox olan müxtəlif diametrli boruların izolyasiyasını həyata keçirmişdir:

2002 – 2005: Sifarişçi BP/ABƏŞ, SOCAR, “Azpetrol LTD” MMC. Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində neft, qaz və lay suları boru kəmərlərinin çəkilməsi layihələri üzrə “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan”, “Şahdəniz” yataqları və SOCAR və “Azpetrol LTD” MMC layihələri üçün müxtəlif diametrli boruların korroziyaya qarşı 605,034.96 metr 3 qat polietilen (3LPE) və 90,257.70 metr 3 qat polipropilen (3LPP) izolyasiyası və 647,900.00 metr beton örtüklənməsi; 

2006 – 2007: Sifarişçi BP/ABƏŞ. “Azəri-Çıraq-Günəşli” yatağının texniki su ilə təmin edilməsi məqsədilə lay sularının nəqli üçün 14" boru xəttinin tikintisi çərçivəsində boruların korroziyaya qarşı 185,310.00 metr 3 qat polietilen (3LPE) və 5,490.00 metr 3 qat polipropilen (3LPP) izolyasiyası və 189,000.00 metr beton örtüklənməsi;

2007 – 2008: Sifarişçi SOCAR. “Neft Daşları-Bahar” və “Bahar-Hövsan” Layihələri çərçivəsində ümumi uzunluğu 151,000.00 metr olan 20" boru xətlərinin beton örtüklənməsi; 

2009 may: Sifarişçi EUPEC France. “Kaşaqan” (Qazaxıstan) və “Jdanov” (Türkmənistan) Layihələri çərçivəsində 867.00 metr betonlanmış boru örtüklərinin təmiri və yenidən örtüklənməsi işləri; 

2011 – 2013: Sifarişçi BP/ABƏŞ. “Çıraq Neft Layihəsi” çərçivəsində 14", 16", 18" və 30" boruların korroziyaya qarşı 40,562.36 metr 3 qat polietilen (3LPE) izolyasiyası və 25,000.00 metr beton örtüklənməsi; 

2012: Sifarişçi SOCAR. “Ümid” qaz yatağının istismarında istifadə olunacaq ümumi uzunluğu 18,000.00 metr olan 16" boruların beton örtüklənməsi;

2014 – 2017: Sifarişçi BP/ABƏŞ və ShawCor Nederland B.V. “Şahdəniz - 2” Layihəsi çərçivəsində, əsas təsisçi SOCAR-ın dəstəyi ilə boruların korroziyaya qarşı 141,176.00 metr 3 qat polietilen (3LPE) izolyasiyası və 152,000.00 metr beton örtüklənməsi;

2016 may-iyul: Sifarişçi Saipem/Azfen. “Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (SCPX) Layihəsi çərçivəsində 48" ölçüdə 5,300.00 metr boruların betonla örtüklənməsi; 

2018 – 2019: Sifarişçi SOCAR/Total. “Abşeron” qaz-kondensat yatağının işlənməsi və nəqli Layihəsi çərçivəsində qaz boru xəttinin tikintisi zamanı istifadə olunacaq ümumi uzunluğu 22,638.35 metr olan boruların korroziya əleyhinə 3 qat polipropilen (3LPP) örtüklənməsi; 

2019: CPC-də “Korroziya Əleyhinə İzolyasiya Zavodunun Çoxqatlı Polipropilen (MLPP) Texnologiyası ilə təkmilləşdirilməsi” Layihəsi çərçivəsində yeni avadanlıqların alınaraq CPC-də quraşdırılması; Zavodun MLPP örtükləmə texnologiyası üzrə ixtisaslaşdırılması prosesinin tətbiq edilməsi BOS Shelf/Saipem/Star Gulf Konsorsiumu ilə razılaşdırılmış və bu istiqamətdə işlər 2021-ci il ərzində həyata keçiriləcəkdir.

2019 – 2020: Sifarişçi  BP. CGLP (Təbii Qazın Qaldırılması) Layihəsi çərçivəsində ümumi uzunluğu 13,2 km olan 6" diametrli boruların qəbulu və korroziya əleyhinə 3 qat polietilen (3LPE) örtüklənməsi; 

2019 – 2021: Sifarişçi BP. ACE (Azəri Mərkəzi Şərqi) Layihəsi çərçivəsində ümumi uzunluğu 20,2 km olan 16", 18", 22" və 30" diametrli boruların korroziya əleyhinə 3 qat polietilen (3LPE) izolyasiyası, boruların 14.3 km hissəsinin betonla örtüklənməsi və layihə borularının saxlanılması;

2020 – 2021: Sifarişçi Umid-Babək Əməliyyat Şirkətinin (UBOC). Ümid Babək Layihəsi çərçivəsində 59.5  km uzunluqda 20'' diametrli boruların 3 qat polipropilen (3LPP) və beton örtüklənməsi. Hal-hazırda boruların korroziya əleyhinə izolyasiyası üzrə iş həcmi tamamlanmış və betonla örtüklənməsi istehsal prosesi Layihə Qrafikinə uyğun olaraq davam etdirilir.

 


 

Müəssisənin rəsmi aşılış mərasimi

Açılış mərasimindən qısa tarixi reportaj. Bakı, Xətai rayonu, 2 oktyabr 2003-cü il.

İlham Əliyev: "Biz Azərbaycanı qisa bir zamanda zəngin dövlətə çevirmək niyyətindəyik və bunu edəcəyik".

Bakıda boru örtükləri istehsal edən “EUPEC PipeCoatings Azerbaijan Ltd.” birgə Azərbaycan-alman müəssisəsinin rəsmi açılışı olub. Mərasimdə repsublikanın Baş naziri İlham Əliyev, Almaniya səfiri Klaus Qrevlix, Yanacaq və energetika, İqtisadi inkişaf nazirlikləri və BP Exploration Ltd. şirkətinin nümayəndələri iştirak ediblər. 

Azərbaycan hökumətinin başçısı respublikanın Avropa Birliyinə inteqrasiyasındakı yardımına görə Almaniyaya minnətdarlıq edərək deyib. Ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edir. Gələcəkdə Azərbaycanın Avropa ailəsinə integrasiyası üçün Almaniyanın köməyi gərəkli olacaq və biz bu dəstəyi hiss edirik". 

İlham Əliyev yeni müəssisədə Azərbaycanın neft strategiyası, iqtisadiyyatımıza sərmayə qoyuluşunun təminatı və yeni iş yerlərinin açılmasının öz əksini tapdığını qeyd edərək deyib: "Yaxın illərdə Azərbaycanın neft sektoruna 18 mlrd. dollar sərmayə qoyulacaqdır. Artıq indi Azərbaycan adambaşına xarici sərmayə qoyuluşunun həcminə görə, MDB-də və Şərqi Avropada ilk yerlərdən birini tutur."

Baş nazirin sözlərinə görə, birgə müəssisə də məhz neft strategiyasının gerçəkləşməsi sayəsində yaranıb. Boru örtükləri zavodunun tikintisinə 15 mln. dollar sərmayə qoyulub. Burada işləyən 350 nəfərin 300-ü Azərbaycan vətəndaşıdır və onların aylıq məvacibi 400 dollardan çoxdur.

“EUPEC PipeCoatings Azerbaijan Ltd.” birgə müəsisəsini EUPEC PipeCoatings alman və Azpetrol Azərbaycan şirkətləri yaradıblar. Müəssisə artıq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının tammiqyaslı işlənməsi çərçivəsində çəkiləcək sualtı borular üçün korroziyaya qarşı izolyasiya və betonla örtükləməyə dair sifarişlər alıb.

Bu müqavilə çərçivəsində indiyədək 150 kilometr boruya beton örtük çəkilib. İlin sonuna qədər bu rəqəm daha 50 kilometr artacaqdır. Gələn il AÇG üçün 221 kilometr boruya beton örtüyü vurulacaqdır.

Bundan əlavə, birgə müəssisə "Şahdəniz" layihəsi üçün eyni iş üzrə tenderdə (196 kilometr) iştirak edəcək, Bakı-Tbilisi-Ceyhan kəmərinin ayrı-ayrı sahələrində çay diblərinə döşənəcək borulara (7 km) beton örtük çəkəcəkdir.

Media Press

Azərbaycan Respublikasının Baş Naziri cənab İlham Əliyevin açılış mərasimindəki çıxışından

Bakı, Xətai rayonu, 2 oktyabr 2003-cü il.

Əziz dostlar! Xanımlar və cənablar!

Mən sizin hamınızı bugünkü əlamətdar hadisə Azərbaycan-Almaniya birgə müəssisəsinin açılışı münasibətilə təbrik edirəm.

Azərbaycanda Heydər Əliyevin rəhbərliyi altında 1994-cü ildən yeni neft strategiyası həyata keçirilir. Bu zavodun yaradılması da məhz həmin neft strategiyasının həyata keçirilməsi ilə bağlıdır. Əgər 1994-cü ildə"Əsrin müqaviləsi" imzalanmasaydı, təbii ki, bu zavoda da ehtiyac olmazdı.

O vaxtdan bəri Azərbaycanda bu istiqamətdə çox işlər görülmüşdür. Bu barədə artıq burada deyilmişdir. Azərbaycana böyük həcmdə sərmayə qoyulur, yeni müəssisələr, zavodlar, fabriklər yaradılır, yeni iş yerləri açılır. Çox sevindirici haldır ki, bu proses davam edir.